Content area
Abstract
Bəşəriyyət yarandığı vaxtdan insanlar həmişə məlumat əldə etməyə ehtiyac duymuşdur. Tarix boyunca xəbərlərin ötürülməsinin müxtəlif üsulları olmuşdur: tonqal işarələri, qasidlər, göyərçinlər, məktublar, teleqraf, telefon, radio, qəzetlər, informasiya agentlikləri, televiziya, internet və s. İlk xəbər agentliklərin yaranması 19-cu əsrə təsadüf edir. Tam olaraq bu cür adlanması da, dünyada xəbər agentliyinin ilk nümunəsi bostonlu tacir Samuel Gilbertin adı ilə bağlıdır. Bostonda digər ölkələrdə baş verənlər barədə məlumat əldə etmək istəyən şəxslər Avropadan gələn gəmiləri qarşılayaraq, dənizçilərdən xəbər almağa çalışırdılar. Bostonlu tacirlərin ticarət və siyasət sahəsindəki xəbərlərə olan ehtiyacını nəzərə alan Samuel Gilbert 1811-ci ildə öz dükanının bir hissəsini qiraətxana və çay salonuna çevirmişdir. O, salonda iki dəftər qoyaraq, dənizçilərdən aldığı xəbərləri və məlumatları bu dəftərlərə köçürüldü. Bügünkü mənada xəbər agentliyinin ilk nümunəsi isə əslən macar olan fransalı Çarlz Luis Havasın 1832-ci ildə yaratdığı "Havas Bürosu"dur. Bu agentliyinin devizi bu gün də hamının nail olmağa çalışdığı məqsəd idi: "xəbəri tez al, tez çatdır". Havasın ardınca,1850- ci illərdə Londonda Röyter Xəbər Agentliyinin əsası qoyulmuş, 1853-cü ildə Turində Stefani Agentliyi, 1855-ci ildə Almaniyada Volf Xəbər Agentliyi, 1857- ci ildə isə ABŞ-da Nyu York Assoşieyted Press fəaliyyətə başlamışdır. Dünya sivilizasiyanın yeni mərhələsi sayılan 20-ci əsrin sonu və üçüncü minilliyin başlanğıcı müasir məzmunlu informasiya cəmiyyətini formalaşdırmışdır. Ən yeni texnika və texnologiyaların yaratdığı mühit insan şüuruna, onun təfəkkürünə və sosial həyat tərzinə də ciddi təsir göstərməklə yeni universal düşüncəli şəxsiyyət tipini meydana gətirmişdir. Bu inkişaf bir çox mühüm sahələrdə dünyanın birgə-kollektiv idarə olunmasına, təbii ehtiyatların və ekologiyanın müştərək istifadəsinin yeni meyarlarının müəyyənləşdirilməsinə, yeraltı, yerüstü və kosmik fəaliyyətlərin birgə tənzimlənməsinə gətirib çıxarmışdır. Tərəqqinin bu cür gedişi insan amilinin bütün sahələrdə nəzərə alınmasını və cəmiyyətin sərhədsiz, maneəsiz, senzurasız informasiya təminatının labüdlüyünü zəruri etmiş və bütün bunları inkarolunmaz, həm də artıq geriyə dönülməsi mümkün olmayan fakta çevirmişdir.
İndi Azərbaycan dünya informasiya məkanında öz yeri olan, yayılan xəbərlərin dəqiqliyi və etibarlığı ilə seçilən bir ölkəyə çevrilmişdir. Ona görədə beynəlxalq miqyasda tanınmış informasiya agentlikləri nüfuzlu mənbə kimi AzərTAc-ın xəbərlərindən istifadə edir. Bu yenilik və təcrübələrin ümumiləşdirilməsi, elmi cəhətdən araşdırılması da böyük aktuallıq kəsb edir. Məhz buna görə də AzərTAc-ın keçdiyi tarixi inkişaf yolu, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında, dövlətçiliyin möhkəmlənməsi yolunda fəaliyyəti, ölkəmizin qarşılaşdığı informasiya blokadasının aradan qaldırılmasında və Azərbaycan həqiqətlərinin dünyada yayılmasında rolunun araşdırılması bu tədqiqat işində əsas götürülmüşdür. Lakin burada da dünya təcrübəsi, onun regiondakı təzahürləri, iqtisadi və sosial məsələlərdə informasiyanın rolu, beynəlxalq əlaqələr, informasiya məkanı kimi Azərbaycanın imkanları, madd-texniki və intellektual resursları da diqqətdə saxlanılmışdır. Digər tərəfdən, informasiya ictimai-siyasi məzmun kəsb etməklə yanaşı, həm də elmi və mədəni yaradıcılıq işidir, tarixin, jurnalistikanın, ədəbiyyatşünaslığın, sosial fəlsəfənin və politologiyanın da çulğalaşdığı bir sahədir. Tədqiqat işində informasiyanın həmin sahələrlə əlaqələrinə və AzərTAc-ın təcrübəsinin ümumiləşməsinə də yer verilmişdir.





